NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  BASKETBOL FEDERASİYASI

 

Naxçıvan şəhərindəki “Saat meydanı” turistik istirahət mərkəzində 5 Mart-Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş "İdman festivalı" keçirilib.
Festival iştirakçıları ulu öndərimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül qoyub, Heydər Əliyev Muzeyi ilə tanış olub, xatirə şəkli çəkdiriblər.

Festival başlamazdan əvvəl “Saat meydanı” turistik istirahət mərkəzində Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən idman federasiyalarının veteran məşqçi-müəllimləri təşkilatçılar tərəfindən qiymətli hədiyyələrlə təltif olunublar. Hədiyyələri Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov, Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılzadə, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, komitənin baş katibinin müavini, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov, Gənclər və İdman naziri Azad Cabbarov, Güləş Federasiyasının sədri Azər Zeynalov və Karate-do Federasiyasının sədri Fazil Ələkbərov təqdim ediblər.

Festivalda muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarının üzv və idmançıları, idman mütəxəssisləri iştirak ediblər. Həmçinin tədbirdə federasiyaların, Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Uşaq-Gənclər İdman Məktəblərinin, Naxçıvan Dövlət Universitetinin idman klubu və idman fakültəsinin, Şərur rayon Ağır Atletika Bölməsi və “Xatun” Bədii Gimnastika İdman Klubunun nailiyyətləri nümayiş etdirilib. Eyni zamanda, federasiyaların idmançılarının hazırladıqları nümunəvi çıxışlar və stendlər də qonaqlar tərəfindən maraqla izlənilib. Qonaqlar həmçinin Naxçıvanın istedadlı idmançıları ilə söhbət edib, onların fikirlərini dinləyiblər.
Sonra festivalın rəsmi hissəsi başlayıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikasında idmanın inkişafı sahəsində mühüm işlər görülür, gənclərin fiziki və mənəvi hazırlığı, onların asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır. Muxtar respublikada yaradılan şərait gənclərin idmana olan marağını artırıb, istedadlı idmançıların yetişməsi təmin olunub. Muxtar respublikada 2 Olimpiya İdman Kompleksi, 2 Üzgüçülük Mərkəzi, Şahmat Mərkəzi, Atıcılıq Mərkəzi, rayon mərkəzlərində şahmat məktəbləri, uşaq-gənclər idman məktəbləri, stadion və süni örtüklü mini futbol meydançaları, tam orta məktəblərdə müasir idman zalları, olimpiya ağırlıqqaldırma qurğuları və sadə tipli idman avadanlıqları mövcuddur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi də bu sahədə görülən işlərin əhatə dairəsini xeyli genişləndirib. Dövlət Proqramına uyğun olaraq Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi və muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarının birgə təşkilatçılığı ilə “5 Mart-Bədən Tərbiyəsi və İdman Günü”nə həsr edilmiş idman festivalı təşkil olunub.

5 Mart-Bədən Tərbiyəsi və İdman Günü münasibətilə bütün idman ictimaiyyətini təbrik edən Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov çıxışında vurğulayıb ki, bu il festivalın məhz Naxçıvanda keçirilməsi təsadüfi deyil. Azərbaycan idmanının böyük himayədarı ümummilli liderimiz Heydər Əliyev 90-cı illərdə ölkəmizin çətin günlərində xalqın tələbi ilə Naxçıvandan Bakıya gələrək respublikamızda siyasi sabitliyi təmin edib. İdmana xüsusi qayğını 1995-ci ildə idmançı və məşqçilərlə görüşdə öz üzərinə götürən ulu öndərimiz gözəl ənənənin əsasını qoyub. Bu gün ölkə Prezidenti cənab İlham Əliyev də məhz həmin ənənəni uğurla davam etdirir.
Azad Rəhimov qeyd edib ki, Azərbaycan idmanının ilbəil inkişafı hər birimizi sevindirir. Ulu öndərimizin idman ictimaiyyəti nümayəndələri ilə ilk görüşündən keçən 25 il ərzində Azərbaycan idmançıları Avropa və dünya çempionatlarında, kubok yarışlarında, nüfuzlu beynəlxlaq yarışlarda 11 min 346 medal qazanıblar. Bunlardan 4081 qızıl, 3254 gümüş və 4008 bürünc olub. Bu müddət ərzində Azərbaycan 6 Yay Olimpiya oyunlarında təmsil olunub. Bu oyunlarda 7 idmançımız olimpiya çempionu adını qazanıb. 34 idmançımız isə olimpiya oyunlarının gümüş və bürünc medallarına layiq görülüblər.

Sonra Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Hikmət Hüseynov, Nazim Əliyev, Hüseyn Əliyev “Azərbaycan Respublikasının Fəxri bədən tərbiyəsi və idman işçisi”, Azər Qənbərov “Azərbaycan Respublikasının əməkdar məşqçisi”, Əmrah Nağıyev, Humay Cəfərova “Azərbaycan Respublikasının İdman ustası” fəxri adları, Rasim İsgəndərov, Elvin Əliquliyev və Nizami Bağırov isə “Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin fəxri diplomu” ilə təltif olunublar.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə tədbirdə çıxış edərək Azərbaycanda idmanın inkişafının getdikcə geniş vüsət aldığını, yeni-yeni uğurların əldə olunduğunu bildirib. Vitse-prezident qeyd edib ki, müstəqilliyin bərpasından sonra Azərbaycan idmançıları müxtəlif səviyyəli beynəlxalq yarışlarda minlərlə medal qazanıblar. Son illər Azərbaycan mötəbər idman tədbirlərinə uğurla ev sahibliyi edir. Bu, Azərbaycanda uğurla reallaşdırılan dövlət idman siyasətinin sayəsində mümkün olub. Beynəlxalq tədbirlərin Azərbaycanda yüksək səviyyədə keçirilməsi üçün ölkəmizdə hər cür şərait var. Bütün bu uğurlar və Azərbaycanda keçirilən tədbirlər ölkəmizdə idmanın kütləviliyinin artmasına, gəncliyin sağlam ruhda yetişməsinə kömək edir.
Tədbirin bədii hissəsində "Naxçıvan idmanının tarixi” mövzüsunda film nümayiş etdirilib. Naxçıvan Dövlət Filarmoniyasının, Bakı şəhərindən dəvət olunan müğənnilərin və Azərbaycan Respublikasının Xalq artisti Aygün Kazımovanın ifasında rəngarəng musiqilər tamaşaçılarda xoş ovqat yaradıb.