NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  BASKETBOL FEDERASİYASI

Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasında 2019-cu ilin yekunlarına və qarşıda duran vəzifələrə dair yığıncaq olub.

Yığıncaqda çıxış edən federasiyanın sədr müavini Turan Həsənov qeyd edib ki, ölkəmizdə digər sahələrin uğurlu inkişafı ilə yanaşı, basketbol idman növünə də xüsusi önəm verilir. Muxtar respublikanın rayonlarında və Naxçıvan şəhərində üç qrupdan ibarət 10 oğlan komandası və Ordubad şəhərində, Culfa rayonunun Yaycı kəndində 2 qız komandası olmaqla, ümumilikdə, 12 komanda fəaliyyət göstərir. Ötən il federasiyanın nümayəndələri şəhər və rayonlarda məşqçilərin fəaliyyəti ilə mütəmadi maraqlanıb, idmançıların tələb və təklifləri dinlənilib, qruplar idman ləvazimatları ilə təmin edilib. Hazırda həmin qruplarda 200-dən artıq idmançı idmanın bu növü ilə məşğul olur.
Vurğulanıb ki, cari ilin fevral ayından Naxçıvan şəhərində bir qız komandası da fəaliyyətə başlayacaqdır. Verilən tapşırıqlara əsasən Basketbol Federasiyası idmanın bu növünün inkişaf etdirilməsi, yeniyetmə və gənclərin idmana cəlb olunması, yarışların kütləviliyinin artırılmasını daim diqqətdə saxlayacaq. Federasiya Gənclər və İdman Nazirliyi ilə birgə işini günün tələbləri səviyyəsində quracaq, eyni zamanda komandaların tərkibinin gücləndirilməsi istiqamətində ardıcıl işlər görəcək və bu idman növünün kütləvi hal alması üçün bütün zəruri tədbirlər həyata keçiriləcəkdir.
Naxçıvan Muxtar Respublikasının gənclər və idman nazirinin müavini Məcid Seyidov çıxış edərək bildirib ki, nazirlik geridə qoyduğumuz ildə də öz işini təsdiq olunmuş iş və tədbirlər planına uyğun həyata keçirib, 2019-cu il muxtar respublika üçün idman və bədən tərbiyəsi sahəsində bir çox ölkə və beynəlxalq səviyyəli tədbirlərlə, uğurlu çıxışlarla yaddaqalan olub.
Məcid Seyidov vurğulayıb ki, basketbol federasiyası 2019-cu ildə öz işini verilmiş tapşırıqlara əsasən qurub. Muxtar respublikamızda 2256 idmançı 176 qrupda basketbol idman növü ilə məşğuldur. Nazirlik muxtar respublikamızda 2002-ci ildə yaradılan Basketbol Federasiyası ilə birgə idmanın bu növünü inkişaf etdirmək məqsədilə çoxsaylı tədbirlər həyata keçirib. Belə ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı il dönümünə həsr olunmuş “Heydər Əliyev Kuboku” uğrunda yeniyetmə və gənclər arasında Naxçıvan Muxtar Respublika turniri, məktəblilər arasında muxtar respublika çempionatı və digər komandalar arasında yoldaşlıq görüşləri keçirilib, federasiya idmançılarının asudə vaxtlarının səmərəli təşkili məqsədilə onların muxtar respublikada fəaliyyət göstərən muzeylərə gəzintiləri təşkil olunub.
Sonra məşqçilərin fikir və təklifləri dinlənilib.