4 fevral 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının 96-cı ildönümü münasibətilə V.Zeynalov adına 3№-li tam orta məktəbin idman zalında Naxçıvan şəhər tam orta məktəblərinin qız komandaları arasında basketbol birinciliyi keçirilmişdir.

Tədbirin açılış mərasimində çıxış edənlər bildirmişdir ki, bu yarışı keçirməkdə məqsəd qız şagirdləri basketbol idman növünə cəlb etmək və Naxçıvan şəhərinin yığma komandasının tərkibini müəyyənləşdirməkdən ibarətdir. Naxçıvan MR Basketbol Federasiyası, Naxçıvan Şəhər Təhsil Şöbəsi və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən birincilikdə 17 komanda iştirak etmişdir.

Beynəlxalq Basketbol Federasiyasının mövcud qaydalarına əsasən, Olimpiya sistemi (uduzan çıxır) üzrə keçirilən yarışın yekununa gəldikdə isə 3 nömrəli tam orta məktəbin komandası bütün rəqiblərinə qalib gələrək I yerə, 10 nömrəli tam orta məktəbin komandası II yerə, 13 və 9 nömrəli tam orta məktəblərin komandaları isə III yerlərə layiq görülmüşlər. Sonda qalib komandalara Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Naxçıvan Şəhər Təhsil Şöbəsinin diplomları, Naxçıvan MR Basketbol Federasiyasının isə hədiyyələri təqdim edilmişdir. Qeyd edək ki, qalib gələn 3 nömrəli tam orta məktəbin komandası keçiriləcək Muxtar Respublika birinciliyində Naxçıvan şəhərini təmsil edəcəkdir.