Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasının 2017-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. Federasiyanın ötən il ərzində  gördüyü işlər barədə danışan qurumun sədri Mahir Əliyev bildirib ki, Basketbol Federasiyasında 10 oğlan, 2 qız qrupundan ibarət olmaqla ümumilikdə 12 qrup fəaliyyət göstərir.

                Federasiya sədri Mahir Əliyev qeyd edib ki, qruplarda məşqlər aparmaq, lazımi nəticələr əldə etmək məqsədilə rayon və şəhər komandalarına məşqçi-müəllimlər təyin edilmiş, məşqçi-müəllimlər və idmançılar idman ayaqqabısı, geyimi və basketbol  topu ilə təmin edilmişlər. Həmçinin 2017-ci ildə  federasiyasiyanın  nümayəndələri şəhər  və rayonlarda  məşqçilərin  fəaliyyəti ilə mütəmadi maraqlanmış, məşqlər aparılan zallara baxmış, idmançıların tələb və təkliflərini dinləmiş, qruplar idman ləvazimatı ilə təmin edilmişlər.

Hazırda fəaliyyət göstərən qız və oğlan qruplarda 200-dən artıq idmançı basketbolla  məşğul olur. Azərbaycanın əməkdar məşqçisi Ənvər Məmmədov məşqçi müəllim və hakimlər arasında bir günlük seminar keçmişdir. İdman tədbirlərində iştirak etmiş idmançılar, komandaların nümayəndələri, hakimlərin nəqliyyat və yemək xərcləri, təchizatı federasiya tərəfindən ödənilmişdir. 2017-ci il ərzində federasiya tərəfindən 45 tədbir keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası gənclər və idman naziri Azad Cabbarov çıxışında vuğulayıb ki, komanda oyunları arasında ən geniş yayılmış idman növlərindən biri olan  basketbolun inkişafı və idmanın bu sahəsi üzrə kütləviliyin təmin edilməsi nazirlik tərəfindən diqqət mərkəzində saxlanılmış və Basketbol Federasiyası ilə birgə çoxsaylı tədbirlər həyata keçirmişdir. Ötən ilin birinci yarısında basketbol üzrə II Naxçıvan çempionatı keçirilmiş və bu turnirdə 10 komanda təmsil olunmuşdur. Həmçinin, may ayında keçirilmiş, ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Heydər Əliyev kuboku” da Naxçıvanda basketbol üzrə kütləviliyin təmin edilməsi baxımından mühüm əhəmiyyətə malikdir.

Nazir qeyd edib ki, ötən il  ərzində mütəmadi olaraq  məşqçi və mütəxəssislərin rəhbərliyi altında yeniyetmə və gənc idmançılara seminarlar keçirilmiş, onların bu sahədə bilik və bacarıqları  artırılmışdır. Əldə olunmuş nəaliyyətlərNaxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Basketbol Federasiyasının birgə və məqsədyönlü fəaliyyətinin nəticəsidir. Nazirlik idman federasiyaları ilə birgə, dövlət idman siyasəti çərçivəsində qarşıya qoyulmuş tələb və tapşırıqları 2018-ci ildə də uğurla icra etməyə çalışacaqdır.

İclasın yekununda sədr Mahir Əliyev federasiyanın yeni idarə heyətinni təqdim edib və onlara 2018-ci ildə uğurlar arzulayıb.